100-dən çox yüksək liqa qarşılaşmalarında ədaləti qoruyan sumqayıtlı baş hakim Azad Mütəllimovla MÜSAHİBƏ

Total
0
Shares
“Sumqayıt” Futbol Akademiyasında gənc nəsli yetirşdirən məşqçi Azad Mütəllimovun müsahibəsi
Foto Sumqayıt24

Bu gün biz “Sumqayıt” Futbol Akademiyasında gənc nəsli yetirşdirən məşqçi Azad Mütəllimovla həmsöhbət olduq. “Gənclər şəhəri”ni çempionluğa gətirən məşqçi redaksiyamıza müsahibəsində peşəkar karyerası, müasir futbol və digər maraqlı məqamlar haqda söhbət açıb.

Həmin müsahibəni izləyicilərimizə təqdim edirik:

  • Futbolçu karyeranızdan danışın. Neçə yaşda başlamısınız və hansı mövqedə çıxış edirdiniz?

Futbolçu kimi ilk addımlarım – 1972-ci ildə Sumqayıtdakı “Neftçi” Cəmiyyətinin Futbol Bölməsində olub. İlk zamanlar hücumçu, sonra yarımmüdafiəçi və hətta qapıçı mövqelərində oyunlara çıxmışam. Peşəkar futbolçu karyeramın əsas hissəsini müdafiəçi kimi Sumqayıtın “Xəzər” və “Vasxod”, Naxçıvanın “Araz”, Tovuzun “Turan”, Bakının “Neftçi”, Mingəcevirin “Kür-nur” və Ağdamın “Qarabağ” komandalarında top qovmaq mənə nəsib olub.

  • Hakim olmağa nə zaman qərar verdiniz və bu cür uğura necə nail ola bildiniz?

Bütün idman növlərində olduğu kimi, futbolçuların da fəaliyyət dövrü uzun olmur.

Peşəkar futbolçu karyeramı bitirdikdən sonra hakim kimi idmançı həyatımı davam etdirdim. Uzun illər peşəkar futbol oynadığım üçün bu sahə mənə doğma və cəlbedici oldu. Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 100-dən çox oyunun baş hakimi olmuşam.

  • Siz hansı karyeranı daha mürəkkəb hesab edirsiniz? Hakimlik, yoxsa futbolçu?

Mənim fikrimcə, o vaxtlar hakimliyin futbol oynamaqdan daha çətin peşə olduğunu desəm, yanılmaram. Hakimlik elədiyim bütün oyunlarda böyük məsuliyyət və gərginlik var idi. Ani vaxt ərzində qərar vermək lazım olurdu, götür-qoy etməyə zaman yox idi. Qərarın düzgün və ya yanlış olması oyun bitdikdən sonra müzakirə olunurdu. Futbolçu səhv edəndə onu sığortalayan komanda yoldaşları olur, amma hakim çətin məqamda məsuliyyəti özü daşıyır.

  • Karyera ərzində ən yaddaqalan matç hansı olub? Və nə ilə yaddaşınıza həkk olunub? 

Futbolçu kimi yadda qalan oyun “Turan” – “Fənərbağça” qarşılaşması olub. Matçın ən yaxşı oyunçusu seçildim. Cavab oyunu doğma şəhərim olan Sumqayıtda keçirilmişdi.

Azərkeşlərim qarşısında keçirilən bu matçda məğlub olmağımıza baxmayaraq, gözəl, maraqlı oyun və xoş anlarla yaddaşıma həkk olub.

  • Hakimlik karyeranız ərzində ən çətin oyununuz hansı olub?

Hakimlik elədiyim oyunlardan Sumqayıtda keçirilən “Xəzər Lənkəran” – “MKT-Araz” oyununu qeyd edərdim.

  • Oyun zamanı verdiyiniz qərarı bəyənməyən futbolçu ilə matçdan sonra münaqişə yaşamısınız?

“Xəzər Lənkəran” FK-nın legioner futbolçusu oyun zamanı mənim qərarıma etiraz edərək fiziki təzyiq göstərdi. Mən də cavab olaraq qoruyucu jestlə onu itələdim. O, səhv hərəkətini sığortalamaq üçün özünü məharətli aktyor kimi yerə atdı, amma mənim qərarım qəti oldu: Qırmızı vərəqə.

  • Müasir futbol haqda nələri söyləyə bilərsiniz? Sizcə, üstünlüklər və çatışmazlıqlar nədən ibarətdir? Nələrin dəyişməsini istərdiniz?

Müasir futbol dedikdə milyonlarla azarkeşin keçirdiyi həyəcan və yaxud sevinc hissi ilə yanaşı, ağıla Böyük Biznes anlamı gəlir.

Peşəkar Futbolda böyük pullar dövr etdiyi üçün müasir futbola belə yanaşma qaçılmazdır. Son Dünya Çempionatını buna bariz bir nümunə gətirmək olar. Ulduz futbolçularla bağlı gündəmə gələn olaylar bir daha Futbol-Biznes anlamını təsdiqlədi.

Oyunda müəyyən texniki elementlər var ki, futbolçular meydanda qəddarlıq və həddindən artıq aqressiv davranış nümayiş etdirirlər. Bu amil futbolda qəbuledilməzdir.

Yaxşı tərəf kimi “VAR” sisteminin olmasını qeyd edərdim. Hamı bilir ki, hakimin gözündən qaçan epizodlarla bağlı neçə-neçə komandalar həmin səhvlərin qurbanı olub. “VAR” bütün bu halların qarşısını müəyyən dərəcədə ala bilir.

  • Siz hazırda hansı yaş qrupları üzrə məşqçi kimi çalışırsınız?

Mən “Sumqayıt” Futbol Klubu yarandığı vaxtdan bir çox yaş qrupları üzrə məşqçi kimi çalışmışam. Hal-hazırda məşqçi kimi öz bilik və bacarığımı 12-13 yaşlı futbolçulara əsirgəmirəm. Bu yaş dövründə oyunçular daha çox qavramaq və icra etmək bacarığına malikdirlər.

Qeyd etmək istəyirəm ki, 2021-2022 mövsümümüz çox əlamətdar olmuşdur. “Sumqayıt” Futbol Akademiyası ilk dəfə olaraq, mənim çalışdığım U-13 komandası ilə Respublika Çempionu titulunu qazanıb.

  • Gənclərə nə kimi məsləhət və tövsiyə verə bilərsiniz?

Yetişməkdə olan gənclərimizə tövsiyə edərdim ki, hər hansı sahəni ürəklərində istək və sevgi ilə seçsinlər, bu zaman uğur qazanmaq üçün daha şanslı olacaqlar. Hər bir gəncimizə seçimində uğurlar arzu edirəm.