Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin kollektivi Sumqayıtda yaşamış şəhid İsax Verdiyevin məzarını və ailəsini ziyarət edib. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsi Facebook səhifəsində məlumat yayıb.
Ziyarət zamanı “Vətən müharibəsi”nin qəhrəmanı İsaxın ailəsi onun döyüş yolundan və müharibə zamanı göstərdiyi qəhramanlıqlardan böyük fəxrlə danışıb. Daha sonra, şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub və məzarı üzərinə qərənfillər qoyulub.
Ailəli və övladı olan İsax Verdiyev “44 günlük müharibə” zamanı Füzuli rayonu uğrunda savaşmışdır. 5 oktyabr tarixində isə həmin rayonda şəhidlik zirvəsinə ucalmışdır. Prezidentin sərəncamı ilə o, ölümüdən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.