Novxanı-Sumqayıt yolunda törətdiyi qəza ilə 4 nəfəri öldürən şəxsin cinayət işi yenidən araşdırılıb. Sumqayıt24 bu haqda 24 iyul tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikirlərini dinlədikdən, sübutlara qiymət verdikdən sonra qənaətə gəlib ki, iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev hadisə vaxtı içkili olmayıb.
Qərara əsasən, Elşad Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib.
Xatırladaq ki, hadisə 2021-ci ilin iyun ayında baş verib. Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun “Daewoo Damas” markalı avtomobili toqquşub. Nəticədə M. Ziyadov və sərnişinləri: paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Sonradan ölən şəxslərin hüquqi varisləri E. Kəlbəliyevlə barışıblar.
E. Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib.
Bu ilin fevralında müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.