700 minlik dələduzluqda təqsirli bilinən bağça müdiri həbs edilib

Total
0
Shares
700 minlik dələduzluqda təqsirli bilinən bağça müdiri həbs edilib
Foto açıq mənbələrdən

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən bağça müdirinin məhkəməsi yekunlaşıb. Bu haqda 26 may tarixində Sumqayıt24 Qafqazinfo-ya istinadən xəbər verir.

Xırdalandakı “İncilər” bağçasının və tədris mərkəzinin rəhbəri Təravət Bilalovaya hökm oxunub. O, Cinayət Məcəlləsinin “dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə təqsirləndirilib.

T.Bilalova qohumu olan bir neçə nəfərdən, rəhbərlik etdiyi bağçada çalışan işçilərdən və digər şəxslərdən qızıl biznesi ilə məşğul olmaq adı ilə külli miqdarda pul alıb.

Belə ki, 36 yaşlı T.Bilalova 2020-ci ildə pandemiya ilə əlaqədar rəhbərlik etdiyi bağçanın fəaliyyətinin müvəqqəti dayandırılmasından sonra ətrafındakı şəxsləri hər ay 10 faiz gəlir gətirəcək qızıl biznesinə pul qoymalarına həvəsləndirib və yüksək qazanc vəd edərək ümumilikdə 9 nəfərdən 700 min manata yaxın (4250, 47.600, 198.000, 60.000, 54.000, 91.000, 40.580, 162.000, 39.970 manat olmaqla) pul alıb. Lakin sonradan həmin şəxslər dələduzluqla qarşılaşdıqlarını görərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məhkəmə prosesində Təravət Bilalova özünü ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə ona 6 il 6 ay müddətinə həbs cəzası təyin edib. Onun barəsində verilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilib.