Sumqayıt adlanan düzənlikdə şəhər salınmasının əsas səbəbi burada İstilik-Elektrik Mərkəzinin və Boruyayma zavodunun tikilməsi olmuşdur. Sumqayıt ərazisində şəhər yaranmasının ilk faktoru bu müəssisələr hesab edilir.
Sovet dövründə Boruyayma zavodunun istehsal etdiyi polad borular Almaniyaya, Macarıstana, Vyetnama, Koreyaya, Kubaya, Çinə, Əlcəzairə, Hindistana, Finlandiyaya, Efiopiyaya, Suriyaya və digər ölkələrə göndərilirdi.
1940-cı ilin aprel ayında Sumqayıtda Boruyayma zavodunun inşası başlanılmışdır. Bir müddət sonra Böyük Vətən müharibəsi başladı və zavodun inşası dayandırıldı. Sonradan isə zavodu Gürcüstana köçürmək istədilər. Lakin zavodun Sumqayıtda saxlanılmasına və tikintisinin davam etdirilməsinə nail olunmuşdur. 1946-cı ildə zavodun tikintisi yenidən bərpa edilmişdir.
Zavodda ilk metal boru 1952-ci ildə istehsal olunub. Ümumilikdə isə, Boruyayma zavodu keçmiş SSRİ-nin neft və qaz sənayəsi müəssisələrinə 5 milyon tondan çox boru vermişdir.
1963-cü ildə Sumqayıtı ziyarət edən Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Mali, Livan, Konqo ölkələrinin həmkarlar təşkilatlarının nümayəndələri Boruyayma zavodunun “Fəxri qonaqlar” kitabında belə yazmışdırlar: “Bizim nümayəndə heyətlərimiz Sumqayıtdakı Azərbaycan Boruyayma zavodu ilə böyük maraqla tanış oldu. Biz indi tam dərk edirik ki, Sovet İttifaqında texnika nə deməkdir”.
1995-ci ildə Sumqayıt Boruyayma zavodu fəaliyyətini dayandırmışdır. 2017-ci ilin dekabrında “Baku Steel Company” MMC-nin nəzdində olan Sumqayıt Boruyayma zavodu (Azərbaycan Boruyayma zavodu) yenidən fəaliyyətə başlamışdır.
Mənbələr:
- Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.
- Həmid Alıyev. Sumqayıt şəhərinin tarixi. Bakı-2011.
- З.А. Делаева. Сумгаит-индустриальный гигант Азербайджана. Издательство Академии наук АзССР. Баку-1962.
- http://cbc.az/az/az/news/baku-steel-company-mmc-sumqayit-boruyayma-zavodunun-yendnqurmadan-sonra-ailii-olub1513341998