Azərbaycanın ilk qadın metallurqu

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Zəminə Həsənova 10 may 1918-ci ildə Sumqayıtın Corat qəsəbəsində, balıqçı ailəsində anadan olub.

1936-cı ildə Bakıda Mirzə Ələkbər Sabir adına pedaqoji texnikumu (indiki ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirmişdir. Daha sonra Corat orta məktəbində pioner baş dəstə rəhbəri, qəsəbə sovetinin sədri və digər vəzifələrdə, mədəni maarif müəssisələrində işləmişdir. Həmçinin Həsənova bir müddət Sumqayıt Elektrik Stansiyasında da çalışmışdır. O, Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsində iştirak etmişdir.

Müharibədə yoldaşını itirən Zəminə xanım tək başına 6 uşaq böyüdür – 2-si öz uşağı, 4-dü isə həlak olmuş bacısının uşaqları idi.

1952-ci ildə Həsənova Sumqayıtın Boruyayma zavodunda çalışmağa başlamışdır. Onun ilk vəzifəsi operator və usta, daha sonra isə baş sinkləyici olmuşdur. Zəminə Həsənova Azərbaycanın ilk qadın metallurqu sayılır.

Zəminə xanım 6-cı çağırış SSRİ Ali Sovetinin və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

7 mart 1960-cı ildə yüksək istehsalat göstəricisi əldə etdiyinə və ictimai fəallığına görə Həsənova “Lenin ordeni”, “Sosialist Əməyi Qəhrəmanı” adı və “Oraq və Çəkic” qızıl medalı ilə təltif olunmuşdur.

1962-ci ildə Həsənovaya, Çexoslovakiyanın Brno şəhərindəki Y.E.Purkine adına Universitetin fəlsəfə fakültəsinin “SSRİ tarixi” kafedrasının dosenti Zdenek Koneçnı məktub göndərmişdir. Məktubda deyilirdi: “…Biz Çexoslovakiya oxucuları üçün Qafqazın görkəmli tarixi və müasir şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən kitab hazırlayırıq. 13 fəsildən ibarət olacaq bu kitabda biz oxucularımızı inqilabçılarla, rəssamlarla, yazıçılarla və digərləri ilə tanış etmək istəyirik. Kitabın bir hissəsi Sosialist Əməyi Qəhrəmanlarına həsr olunur və siz öz zəhmətinizlə bu yüksək ada layiq görülmüş adamlarsınız”.

1969-cu ildə Sumqayıtın fəxri vətəndaşı adına, 2 oktyabr 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Zəminə Həsənova 2006-cı ildə, 88 yaşında Sumqayıt şəhərində vəfat edib.

Ədəbiyyat:

  1. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.
  2. Həmid Alıyev. Sumqayıt şəhərinin tarixi. Bakı-2011.
  3. Г.Ю.Ахундов. Сумгаит. Баку-1966.
  4. http://web.archive.org/web/20170519201323/http://www.sumhistorymuseum.az/index.php?option=com_content&view=article&id=62&Itemid=92
  5. http://www.scfwca.gov.az/post/1382/sumqayitli-sosialist-emeyi-qehremani-fexri-vetendasi-ve-azerbaycanin-ilk-qadin-metallurqu-zemine-hes
Zəminə Həsənova Moskvada, Qırmızı meydanda
Zəminə Həsənova Moskvada, Qırmızı meydanda