Azərbaycanın ən böyük arenalarından biri: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Total
0
Shares
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Foto Sumqayıt24

Azərbaycanın ən böyük arenalarından biri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində yerləşir. Stadionun açılışı 1 iyul 1966-cı ildə baş tutub. Stadionun sahəsi 6 hektardan artıqdır.

Stadionun tikintisi haqqında qərar 1954-cü ildə qəbul edilmişdir. Onun tikintisinə isə yalnız 1963-cü ildə başlanılmışdır.

Burada ilk matç Sumqayıtın “Polad” komandası ilə indiki Rusiya Federasiyasının Rostov vilayətindəki “Belaya Kalitva” şəhərini təmsil edən eyniadlı klub arasında olub. SSRİ çempionatının “B” qrupunda keçirilmiş həmin görüş “Polad” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Burada ilk beynəlxalq matç 1982-ci ildə Azərbaycan və İranın gənclərdən ibarət yığmaları arasında keçirilib. 1985-ci ildə Sumqayıt stadionunda daha bir beynəlxalq matç keçirilib: FIFA-nın gənclər arasında Dünya çempionatının “D” qrupunda Çin və Paraqvay komandaları qarşılaşıb. Həmin görüşdə Çin futbolçuları 2:1 hesabı ilə qalib gəliblər.

Stadionda ilk UEFA avrokubok matçı 1994-cü ildə Tovuzun “Turan” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçirilib. Həmin oyunda Tovuzun “Turan” komandası I təsnifat mərhələsində 2:1 hesabı ilə qalib gəlib.

2019-cu ildə Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb. Layihəyə əsasən, stadionun yenidən qurulması 2021-ci ilin may ayında başa çatdırılmalı idi. Lakin əlavə vəsaitə ehtiyac yarandığı üçün stadionun bərpa işləri 2023-cü ildə bitdi.

Ədəbiyyat:

  1. http://www.sumqayit-ih.gov.az/az/news/469.html
  2. https://president.az/az/articles/view/34877
  3. https://www.youtube.com/watch?v=veBmRPqqg-A
  4. https://www.youtube.com/watch?v=G7xGSnIpY08
  5. https://web.archive.org/web/20171119065929/http://www.fifa.com/u20worldcup/matches/round=191145/match=30790/index.html#nosticky
  6. https://sportline.az/post/sumqayit-azarkeshlerine-shad-xeber