Bu gün 64 il öncə Sumqayıtda ilk dəfə tramvay hərəkətə başlayıb

Total
0
Shares
Bu gün 64 il öncə Sumqayıtda ilk dəfə tramvay hərəkətə başlayıb
Foto Sumqayıt24

Sumqayıtda tramvay hərəkətə 11 mart 1959-cu ildə başlayıb. Buraya Latviyanın Riqa şəhərindən altı tramvay gətirilib. İlk vaqonu sürücü S.Rəhimov idarə edib.

Sumqayıtda iki tramvay marşrutu qurulmuşdu: biri mərkəzdən indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə, digəri isə mərkəzdən indiki Azərbaycan Boruyayma Zavoduna kimi.

Tramvayların iş rejimi belə müəyyən edilmişdi: birinci vaqon səhər saat altının yarısında xətdən çıxıb, sonuncusu isə gecə saat ikidə depoya gəlirdi. Tramvayların hərəkət intervalı 15 dəqiqə təşkil edirdi.

Depoda vaqonların yuyulması, qurudulması, həmçinin təmir olunması təşkil edilirdi. Burada işçilər üçün bufet, isti su ilə təmin edilmiş duş, istirahət otaqları var idi.

Vaxt getdikcə tramvaylar trolleybus və avtobuslarla əvəz edildiyinə görə onlara ehtiyac azaldı.

1990-cı illərdə Sumqayıt tramvayları artıq yararsız idi. Yeni tramvay almağa pul yox idi, ona görə də iki tramvay əsaslı təmir edilir. Həmin iki tramvay təmirdən sonra qaydaya düşür. Lakin digər tramvayların xarici görünüşü qorxulu idi: onlar köhnəlmiş, paslanmış, yan tərəflərini isə fanerlə tıxanmış, sınmış şüşələr bəzəyirdi.

Sumqayıt tramvayı hərəkətini 2003-cü ildə başa vurub. Bundan sonra bütün vaqonlar istismardan çıxarılaraq, metal qırıntıları kimi istifadə edilmişdir.

Ədəbiyyat:

  1. https://azerhistory.com/?p=32163
  2. https://azerhistory.com/?p=15924
  3. “Социалистический Сумгаит”.-№ 29.-11.03.1959.
  4. “Социалистический Сумгаит”.- № 30.-13.03.1959.