Bu gün şəhid Məhəmməd Umudovun doğum günüdür.
Məhəmməd Eldar oğlu Umudov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. O, təhsilini 5 saylı orta məktəbdə başlayıb, 25 saylı riyaziyyat təmayüllü orta məktəbdə başa vurub. Dörd qardaşın ən kiçiyi olan Məhəmməd, həm də karate ilə məşğul olub.
Təhsil aldığı hər iki məktəbi karate üzrə yarışlarda uğurla təmsil edib. Məhəmməd qara kəmər ustası olmaqla yanaşı, riyazi bilikləri ilə məktəbdə xüsusi diqqət cəlb edirdi.
1991-ci ildə orta məktəbi bitirib, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) daxil olub.
1992-ci ildə, Xocalı faciəsi baş verdikdən sonra təhsilini yarımçıq qoyaraq könüllü hərbi hissəyə yollanıb. 30 iyul 1992-ci ildə Ağdərənin Kaçapet kəndindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.