Bu gün, izləyicilərimizə Sumqayıtda bir vaxtlar “Yaşıl bina” kimi tanınan, şəhərin memarlıq nümunələrindən və simvollarından biri olan İcra Hakimiyyəti aparatının binası haqda məlumat verəcəyik.
Həmin bina, 1958-ci ildə tikilib. Burada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşirdi.
60-illərin əvvəllərində, Xəzər dənizindən əsən duzlu şimal küləyi səbəbindən binanın birinci mərtəbəsi həmişə nəmli olardı. Bu problemi həll etmək üçün, Tatarıstanın Kazan şəhərindən “daş sarmaşıqlar”ı – “plyuş” kolları gətirilmiş və binanın ön hissəsində perimetr boyu əkilmişdir. Nəticədə binanın fasadı tam olaraq yaşıl sarmaşıqla örtülmüşdür və bina şəhərin, hətta SSRİ-nin ən seçilən infastrukturlarından birinə çevrilmişdir.
Şəhərə gələn turistlər bu gözəl memarlıq nümunəsini gördükdə heyran qalır və yadigar olaraq həmişə şəkillər çəkdirərdilər. Bundan əlavə Almaniyanın Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərində bu ”Yaşıl bina”nı əks etdirən marka da buraxılmışdır.
Lakin, 2010-ci ildə sarmaşıqları hissə-hissə saraldıqları üçün binadan götürdülər.
Buna baxmayaraq, 2016-cı ildən etibarən burada yenidən sarmaşıq kolları əkilmişdir və bina öz keçmiş görkəmini bərpa etməyə başlamışdır.