Azərbaycanda teatrın tarixi xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Məsələn, “Novruz” mərasiminin “Kosa-kosa” oyunu əsl teatr örnəyidir.
Sumqayıtda fəaliyyət göstərən Dövlət Dram Teatrı digərləri ilə müqayisədə gənc olsa da, böyük və parlaq tarixə malikdir. Bir çox məşhur artistin ilk məktəbi olan bu mədəniyyət ocağı indi də öz premyeraları ilə insanları sevindirir.
Sumqayıt Dövlət Dram Teatrının professional, çalışqan və peşəsini sevən kollektivi var. Dünən onların ifasında “O olmasın, bu olsun” (Ü. Hacıbəyli) iki hissəli operettasının premyerası baş tutub.
Tamaşaya Əməkdar artist Namis Şirməmmədov quruluş verib. Əməkdar artist İlahə Səfərova, aktyorlar Habil Xanlarov, Şəhla Məmmədova, Elay Xasıyev, İlham Səfərli, Yalçın Səlimov, Dağlar Rüstəmov, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Elmir Mehdiyev, Cavanşir Eyyubzadə, Ramazan Xanlarov, İlqar İbrahimov, Füzuli Qərənlizadə, Etibar Əmirov, Orxan Firudinov və başqaları isə obrazları məharətlə canlandırıblar.
Bir çox izləyicilər tamaşanın səhnə quruluşunu izləyir və səhnə arxasında saatlarla, bəzən isə günlərlə gedən hazırlıq prosesindən xəbərsiz olurlar. Sumqayıt24 səhnəarxası görüntüləri lentə alıb və teatrsevərlərə təqdim edir: