“Sumqayıt Bağça Şəhər” sakinlərinin internetlə əlaqəli şikayətlərinə rəsmi cavab verilib. Sumqayıt24 bu haqda 20 oktyabr tarixində xəbər verir.
“Connect” şirkətindən bildirilib ki, çətinliklərin aradan qaldırılması üçün bütün texniki infrastruktur yenidən qurulub. “Connect”in nəzarətində olan şəbəkə avadanlıqları və elektrik təchizatı tam təkmilləşdirilib. Çətinliklər aradan qaldırılıb və mənzillərə müqavilələrə uyğun internet sürəti çatdırılır.
Lakin müştərilərimizdə olan simsiz (Wi-Fi) şəbəkə avadanlıqlarının əksəriyyəti köhnədir, ya da yerləşmə yerləri mənzillərin layihələrinə uyğun deyil. Buna görə evlərin müxtəlif yerlərində sürət zəiflikləri hiss olunur. Həmçinin simsiz şəbəkə avadanlıqlarının çoxu mənzil girişlərində yerləşdirilir. Nəticədə qonşuların avadanlıqları ilə dalğa kəsişməsi baş verir ki, bu da sürəti aşağı salır”.
Şirkətdən əlavə edilib ki, çətinliyin aradan qaldırılması üçün sakinlərin mənzillərinə əvvəlcədən gün təyin olunmaqla bir-bir baxış və sazlamalar həyata keçirilməlidir:
“Bu məqsədlə texniki heyətimiz üç gün mənzillərə yaxınlaşıb, sazlamalar edib. Yalnız ümumi mənzil sayının 30%-də sazlama işlərini həyata keçirmək mümkün olub. Səbəb isə qalan sakinlərin baxış zamanı qapılarını açmamaları, çətinliyin aradan qaldırılması üçün “Connect” əməkdaşlarına dəstək olmamalarıdır.
Hal-hazırda texniki heyətimiz problemin həlli üçün mənzillərdə sazlamaları davam etdirməyə çalışır.
Mövcud çətinliklər mənzil daxilində olduğundan sakinlərdən qapıları açmağı və köməklik göstərməyi xahiş edirik”.