Sumqayıtda kişi tanışını borca görə döyüb. Sumqayıt24 bu haqda 15 noyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Hadisə Kotec qəsəbəsində baş verib. Cinayəti törədən 41 yaşlı Qədir (ad şərtidir) barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub.
İfadə verən Qədir ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Altayı (ad şərtidir) təxminən 4 il əvvəl tanıyıb:
“Altay Kotec qəsəbəsində kirayədə yaşayırdı. Həmin vaxtdan da onunla münasibətlərimiz yarandı. Hadisə günü saat 21:30-da yaşadığım ünvana getdiyim zaman “Las Vegas” kafesinin yaxınlığında Altayı gördüm. Onunla söhbət etməyə başladım. Söhbət zamanı Altaydan təxminən 6 ay əvvəl borc verdiyim 70 manatı tələb etdim. O da hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman borcunu ödəyəcəyini dedi”.
Təqsirləndirilən şəxs həmin vaxtdan əvvəl Altayı görmədiyini, buna görə də pulu indi istədiyini bildirib:
“Yenə də təkid edərək pulumu istədim. Buna görə də Altay əsəbiləşdi. Yüksək səslə imkanı olmadığını bildirərək ünvanıma nalayiq ifadə işlətdi. Bundan sonra onun üzərinə getdim, Altayın sol göz nahiyəsinə yumruqla zərbə vurdum. Altay da barəmdə polisə müraciət edəcəyini bildirdi. Mən Altayı vurduğumdan peşman oldum. Ondan üzr istəmək istədim. Altay isə yenidən məndən şikayət edəcəyini bildirdi və oradan getdi”.
Cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alınıb. Qədirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.