Keçmiş “Rossiya”, indiki “Nizami” kinoteatrı Nəriman Nərimanov küçəsində yerləşir. Böyük Oktyabr Sosialist İnqilabı hadisəsi şərəfinə binaya “Rossiya” adı verilib. Respublikamız müstəqillik əldə etdikdən sonra mədəniyyət ocağının adı dəyişdirilərək “Nizami” qoyulub.
Vaxtilə şəhər sakinlərinin ən çox üz tutduğu istirahət yerlərindən biri olan ikimərtəbəli, 600 nəfərlik tamaşa zalına malik olmuş kinoteatr ötən əsrin 1960-cı illərində tikilib.
Uzun illərdir istifadəyə yararsız olan bina 2019-cu ildə – Sumqayıtın 70 illiyində tamamilə sökülərək yenidən inşa edilib.
Kinoteatrın açılışı həmin il noyabrın 21-də baş tutub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.
Müasir səviyyədə yaradılan ikimərtəbəli bina ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz edilib. Burada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var. Kinoteatr “CinemaPlus” şəbəkəsinə daxildir.
Binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. Kinoteatrın qarşısında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli ucaldılıb.