“Novxanı bağları”nın sakinləri soyuqlar düşdükçə, qış fəsili yaxınlaşdıqca bır sıra problem ilə qarşılaşırlar. Problemlərin ən mühimi isə qaz təminatıdır. Bu şikayət ilə sakinlər şəxsən Sumqayıt24-ə müraciət ediblər.
Verilən məlumata görə, bağların “4-cü döngə” adlanan ərazisində bilinməyən səbəblərdən yaşayış evlərinə qaz zəif təzyiqlə verilir. Nəticədə kombilər sönür və insanlar soyuq evdə qalmalı olurlar. Onlar çıxış yolu kimi qış aylarında elektrik (istilik) radiatorlardan istifadə edirlər, bu isə elektrik sərfiyyatının çoxalmasına və işıq pulunun çox gəlməsinə gətirib çıxarır.
“Qaz az təzyiqlə verilir. Elə günlər olur ki heç o da verilmir. İsti su gəlmir. Əlimizi, üzümüzu yumağa ilıq su tapmırıq. Yeməyin bişməsi üçün, çayın qaynaması üçün iki saat gözləməli oluruq. Bu məsələnin həll edilməsi üçün aidiyyəti qurumlardan yardım istəyirik”,- adıçəkilən ərazinin sakinləri bildirib.