Şah Sultan Hüseyn məscidi Novxanı qəsəbəsində, bir zamanlar qədim yaşayış məskəni olan ərazidə yerləşir. Məscid XVIII əsrdə Səfəvi hökmdarı Şah Sultan Hüseynin göstərişi ilə inşa edilib. Sakinlərin sözlərinə görə, məscid burada ən qədim tikilidir.
İbadət evi vaxtilə Novxanının tarixi mərkəzi olmuş, lakin tərk edilmiş hissəsində yerləşir. Məscid kənd camaatının yeganə ibadət evi olub. Yerli sakinlərin sözlərinə görə, tikilini geniş həyət əhatə edib. Novxanı ticarət yollarının üzərində yerləşdiyindən məscidin yanında karvansaray və digər tikililər mövcud olub. Lakin zaman keçdikcə bu tikililər dağılıb.
Birmərtəbəli, kürsülü tikilən ibadət evi 3 otaqdan ibarət olub. Məscid bir ibadət zalından, ona şimaldan bitişən bir xidmət otağından və giriş hissəsindən ibarət olub. İbadətgahın bir günbəzi var. Məscidin şərq tərəfində sonradan tağlı portal tikilib. İbadət zalı naxışlarla bəzədilmişdir.
Deyilənlərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə çar dövründə İosif Stalini iki dəfə ölümdən xilas edərək, məhz bu məsciddə gizlətmişdir.
Məscid 1930-cu illərdə sovet hakimiyyəti tərəfindən bağlanmış və baxımsız vəziyyətə düşmüşdür. Sakinlər öz hesablarına ibadətgahı təmir etmək istəsələr də, buna icazə verilməmişdir.
Məscid yerli əhəmiyyətli tarixi abidələr siyahısına daxildir.
Mənbələr:
- Fətullayev-Fiqarov Ş.S. Abşeron memarlığı. Bakı-2013.
- https://ann.az/ru/istoricheskie-pamyatniki-azerbaydzhana-drevnyaya-mechet-novhany-foto/
- https://ru.oxu.az/interesting/574290.