Qədim yaşayış yeri “Nasoslu” barədə maraqlı faktlar

Total
0
Shares
Sumqayıtda iki qədim məşhur yaşayış yerindən biri "Nasoslu” sayılır
Foto Sumqayıt24

Sumqayıtda iki qədim məşhur yaşayış yerindən biri “Nasoslu” sayılır.

Şəhər mərkəzindən 10 km məsafədə yerləşən qəsəbə Xəzər dənizi sahilindəki düzənlik ərazidə salınıb. Corat qəsəbəsi kimi “Nasoslu”nun da qədim tarixi var. Burada ilk yaşayış məskəni “Təkə qumu” deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olub.

Neft maqnatı Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildən çoxdur ki, Sumqayıt və Bakı əhalisini su ilə təmin edir. Həmin yerin adı 1991-ci ildə dəyişdirilərək mesanatın şərəfinə adlandırılıb.

“Nasoslu” adı isə Almaniyadan gətirilən nasosların burada quraşdırılması ilə əlaqədardır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlirmiş, həmin qurğularla yüksəklikdə yerləşən Bakıya su ötürülürdü.

Yaşayış məskəninin iqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3,1, avqustda isə 24,9 dərəcədir. Ən aşağı temperatur -13 dərəcə yanvarda müşahidə olunub, ən isti isə avqust ayında: +40. İllik yağıntının miqdarı 185 mm-dir. Qəsəbə üçün xəzri və gilavar küləkləri xarakterikdir.

H.Z. Tağıyev qəsəbəsində 4 orta məktəb, 5 uşaq bağçası, incəsənət məktəbi, mədəniyyət evi, xəstəxana, poliklinika və təcili yardım stansiyası fəaliyyət göstərir.

Burada Tağıyevin şəxsən özünün tikdirdiyi nasos qurğuları, “Şəhidlər” parkı, Heydər Əliyevin 75 illik yubileyi ilə bağlı yaradılmış “Heydər bulağı”, Hacı Bəyverdi məscidi, Hacı Zeynalabdin Tağıyevin büstü və Dədə Qorqudun monumenti (“Kitabi Dədə Qorqud” dastanının 1300 iliyinə həsr olunur) kimi abidələr var.