Zəif görünən “Sumqayıt”ın gizli sirləri varmış. Sumqayıt24 bu haqda 21 iyul tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Arxada qalan müddətdə “kimyaçılar” cəmi 2 legionerlə: Estoniya millisinin üzvü Erik Sorqa və İsrail millisinin üzvü Roi Kahatla anlaşıblar. Transferi gözlənilən minimum 3-4 legioner də var.
Prosesin belə ləng getməsi heç də səbəbsiz deyilmiş. Belə ki, baş məşqçi Samir Abasov rəhbərliklə görüşdə yeni planlarını dilə gətirib. O, Stiven Pereyra və Musata Moratdan başqa bütün legionerlərlə yolları ayırmağa qərar verib.
Bu il isə məşqçi legionerlərin sayına yox, keyfiyyətinə önəm verəcəyini bildirib. O, rəhbərliyi transferi ucuz başa gələn əcnəbidənsə, yerli gənclərə şans verməyin effektivliyinə inandırıb.
Abasov əvəzində yüksək qiymətə daha sanballı 5-6 legionerin alınması şərtini irəli sürüb. Onun istəyi müsbət qarşılanıb.
Hazırda klub Abasovun istəyinə uyğun siyasət aparır. Yeni əcnəbilər uzun müddət müşahidə ediləndən sonra alınır. Üstünlük millilərin üzvlərinə, təcrübəli adlara verilir. Məsələn əvvəlki illər perspektiv vəd edənlər daha ön planda olurdular.
Heç də təsadüf deyil ki, rəsmi açıqlanan hər iki yeni transfer millilərin üzvləridir. Danışıqların aparıldığı digərləri də kifayət qədər təcrübəli futbolçulardır. Danışıqların uzanması, keçidin rəsmiləşməsi də bu səbəblərdəndir.
Baş məşqçi də vəd verdiyi kimi, heç vaxt olmadığı sayda gənci özü ilə Türkiyəyə aparıb. O, yeni mövsümdə onların xidmətlərindən istifadə etməyi planlaşdırır.