Qədim qəbiristanlıq Abşeron rayonunun Saray qəsəbəsində yerləşir. Yerli əhalinin sözlərinə əsasən, qəbiristanlıq Şirvanşahlar dövründə, XI-XIII əsrlərdə salınıb. Burada olan ən qədim qəbirin 1000 il yaşı olduğu ehtimal edilir.
Qəbiristanlığın şimal hissəsində orta əsrlərə aid kurqan formasında sərdabələr mövcuddur. Qədim zamanlarda kənd sakinləri vəfat edən qohumlarını bu sərdabələrdə saxlayırdılar, sonra isə onların sümüklərini Məşhəd, Kərbəla, Xorasan, Məkkə şəhərlərinə aparıb, orada dəfn edirdilər.
Tədqiqatçı Meşədixanım Nemətova buradakı bir qəbirin yazısını tərcümə etmişdir: “Bu, Allah-Təaladan himayə və rəhmət diləmiş mərhum Sadiq Bəkir Əlinin məzarıdır. Onun vəfatı səfər ayına təsadüf edir: 1246 (1830)”.
Qəsəbə sakinlərinin sözlərinə görə, Bakı xanlığı dövründə bu qəbiristanlıqda “Səngər” adlanan bir hovuz da mövcud olub. Həmin səngərdə duran şəxs həm kəndi, həm də qəbiristanlığı mühafizə edirmiş.
Hazırda qəbiristanlıq baxımsız vəziyyətdədir.
Ədəbiyyat:
- М.С.Неймат. Корпус эпиграфических памятников Азербайджана. Баку-1991.
- https://www.facebook.com/watch/?v=640127436638009
- https://oxu.az/society/591206