Azərbaycanlı ixtiraçının bir layihəsi ABŞ-da 1,2 milyon dollar investisiya alıb. Sumqayıt24 bu haqda Kaspi.az-a istinadən xəbər verir.
Valeh Arifzadə adlı həmin gənc Sumqayıt Dövlət Universitetini kimya müəllimliyi üzrə bitirib. İlk vaxtlar kurslarda müəllim kimi, sonra isə şərab zavodunda texnoloq kimi çalışıb. Həmin müddətdə zavod üçün gümüş ionlarının məhlula verilməsi üçün qurğu hazırlayıb. Həmçinin Dövlət Neft Şirkətinin (SOCAR) əvvəlki vitse-prezidenti Mikayıl İsmayılova məktub yazaraq maddi dəstək istəyib. İlk ixtirası da məhz o olub.
2017-ci ildə elektrik enerjisinə qənaət qurğusu “Wattbooster”i düzəldən Valeh Arifzadə televiziya vasitəsilə təqdimatını edib. Qurğu ilkin versiyada elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət etmək funksiyası daşıyıb.
“Partnyorum var idi, onun sponsorluğu ilə layihəm əsasında bir qurğu düzəltdik. Həmin vaxtlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun Elm və ixtiraçılıq mərkəzinin rəhbəri idim. 2018-ci ilin sonlarında bir inkubasiya mərkəzinin açılışında qurğunu Prezident İlham Əliyevə də təqdim etmişdik”, – deyə o bildirib.
İxtiraçı “Wattbooster” layihəsini təkmilləşdirib və bu layihənin qlobal bazara çıxarılması üçün ABŞ-yə üz tutub:
“Layihəni təkmilləşdirdik, bir az dəyişiklik getdi. Partnyorum ABŞ-yə gedib-gəlirdi. “Bunu ABŞ-yə çıxaraq” dedi və bu niyyətlə oraya yola düşdük. İndi qurğumuz batareya formasına salınıb. Elektrik şəbəkəsinə bağlı olmadan enerji verən batareya olacaq. Qısası, daha uzunömürlü, daha çox enerji verən batareya düzəltmişik”.
Hələ qurğunun ilkin versiyasının televiziya ilə təqdimatı zamanı Azərbaycanda investorlar layihə ilə maraqlanıblar:
“İnvestorlar ortaya məhsul çıxarıb satmaq istəyi ilə müraciət edirdilər. Mənim layihəm isə startap idi, təkmilləşməli idi. Nə isə ixtira etmək mənim üçün yenilik idi. Ona görə investorlarla iş birliyimiz alınmadı”.
Valeh Arifzadənin aldığı ilk viza ABŞ üçün olub:
“Heç bir ölkəyə çıxmayan adamın bir həftəyə ABŞ-yə viza alması göstərir ki, bu ölkədə elmə nə qədər önəm verilir”.
Qeyd edək ki, həmyerlimiz yaşıl enerji sahəsində fəaliyyət göstərən “VA Technologies Inc” şirkətini qurub. Məqsəd layihələrini bir şirkət altında cəmləşdirmək olub. İlk məhsulu isə batareya ilə işləyən poverbankdır.
Məhsul hazır olsa da, hələ satışda yoxdur. Səbəbi isə budur:
“Bu tipli bazarı böyük olan layihələr üçün böyük şirkətlərlə danışıqlar gedir. Onlar test etməli, sonra qərar verməlidirlər. Məhsul üçün patent alınması vacibdir”.
Gənc ixtiraçı üzərində işlədiyi bir neçə digər layihəsi haqqında da söz açıb:
“ABŞ-dəki evlərin 60-70%-i taxtadan ibarətdir. Bu ölkədə hər il minlərlə yanğın baş verir. Bu yanğınlar zamanı kiçik uşaqlar, heyvanlar, çox dəyərli əşyalar evdə qalır. Yanğın içəri daxil olmağa imkan vermir. Yanmayan paltarla bağlı layihə haqqında düşünürəm. Yanğınsöndürmə işində olanların geyimindən fərqi odur ki, bu paltarla alovun içində 10-15 dəqiqə dayanmaq mümkün olacaq. Hazırda testlər, nümunələr formasındadır.
Tam şəffaf olan günəş paneli ilə bağlı çalışmam var. Dünyada bir örnəyi var, istifadə edilir. Ancaq tam şəffaf deyil. Dünyada istifadə olunan nümunənin başqa bir problemi odur ki, əgər siz binaların şüşələrindən günəş enerjisi almaq istəyirsinizsə, binadakı şüşələri tam dəyişmək məcburiyyətindəsiniz. Hansısa hazır böyük tikiliyə bunu təklif etsəniz, razılaşmayacaq, çünki bütün şüşələri dəyişmək böyük xərc tələb edir. Ona görə dünyadakı nümunəni ancaq yeni tikililərə qoya bilərlər. Mənim düzəltdiyimdə isə şüşələri dəyişməyə ehtiyac yoxdur. Şüşənin arxa tərəfinə şəffaf kimyəvi maddə çəkilir. Həmin şüşə şəffaf günəş paneli formasına gəlir.
İstixanaların isidilməsi ilə bağlı layihəm də var. Tutaq ki, bir istixananın isidilməsi üçün sahibkar ayda 10 min dollar qaza pul verir. Yeni bir qazanxana sistemi olur, qaz deyil, elektriklə isidilir. İsidilmə xərci 2-3 min dollara düşəcək. 70% qənaət imkanı yaradır”.
Valeh bir gün Nobel mükafatı almaq istəyir və bunun üçün əlindən gələni edəcək.