“Sum və Ceyran” əfsanəsi

Total
0
Shares
Foto Sumqayit24.az
Foto Sumqayit24.az

Əfsanəyə görə bir vaxtlar indiki Sumqayıt şəhərinin yerində böyük səhralıq olub. Günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Sum adlı bir gənc və onun sevgilisi Ceyran da həmin karvanda idilər.

Karvanda hamının su ehtiyatı qurtarır və çox susuzlayan adamlar səhrada içməyə su tapa bilmirdilər. Əlacsız qalaraq onlar qumu qazmağa, su axtarmağa başlayırlar. Birdən Sum ğözlərini qaldırır və uzaqda olan bir qayaya işarə edir. Həmin bu qaya səhraya gələn suyun qabağını kəsirdi. Yoldaşlarının və sevgilisinin əzab-əziyyətinə tab gətirə bilməyən Sum suyun qabağını kəsən daşı aşıracağını deyir, onlarla vidalaşıb yola düşür. Bunu eşidən Ceyran sumun ardınca ağlar səslə pıçıldayır – Sum, qayıt! … Sum, qayıt! … Sum, qayıt!…

Susuzluqdan və yorğunluqdan taqətsiz hala düşmüş adamlar ümidlə Sumun nəhəng qayanı yerindən tərpətməyini gözləyirdilər. Ceyran isə gözlərini Sumun getdiyi istiqamətdən çəkmirdi. Bu zaman qəflətən dəhşətli bir nərə səsi səhraya yayılır, göy guruldayır, ildırım çaxır. Suyun qabağını kəsən qayanı Sum ikiəlli yapışıb göyə qaldırır. Qabağı uzun müddət tutulmuş su, qayanı başının üstünə qaldırmış Sumun üzərinə cumur, onu yerə sərir və qaya Sumun üstünə düşür. Gur su axını qayanı da, Sumu da səhraya tərəf aparır.

Uzaqdan gələn suyun gurultulu səsini eşidən adamların sevinc səsləri ətrafa yayılır. Lakin biraz sonra onlar xilaskarı axtarmağa başlayırlar və Sumun əzilmiş, parçalanmış cəsədini qayanın altında tapırlar. Sevgilisini itirən Ceyran Sumun bədənindən ayrılmış əlini suyun burulğanında gah batan, gah da üzə çıxan görür və dözməyib özünü suya atıb həlak olur.

Rəvayətə görə, həmin vaxtdan adamlar bu yerləri Sumqayıt, Ceyranın həlak olduğu yeri isə Ceyranbatan, zirvəsində əli qalmış dağı isə Beşbarmaq adlandırdılar.

 

Mənbələr:

  1. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.
  2. Ф.Алиев. Город юности на Каспии. Азернешр-1962.
  3. Березин И. Путешествие по Дагестану и Закавказью. Казань, 1849.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir