Sumqayıt: bu gün üç şəhidimizin şəhidlik zirvəsinə yüksəlməsindən bir il keçib

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Bu gün, 23 oktyabr, tarixində Şəhriyar Quliyev, Sübhan Cəbrayılov və Azər Quliyevin şəhidlik zirvəsinə yüksəlmələrindən bir il ötür.

İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrinin hərbçisi Şəhriyar Quliyev Cəbrayıl, Füzuli, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşərək, biri polkovnik olmaqla, çox sayda ermənini məhv edib. O, Qubadlının kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Quliyev ölümündən sonra “Qarabağ ordeni”, “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

Doğulduğu gün şəhid olan baş gizir Sübhan Cəbrayılov Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən Sübhan “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Əslən qubadlılı olan Azər Quliyev 10 oktyabr 1996-ci ildə Sumqayıtda anadan olmuşdur. Azər 29 sentyabr tarixində Vətən müharibəsinə könüllü olaraq qatılmış və şərəfli bir döyüş yolu keçmişdir. O, 23 oktyabrda Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra onu “Vətən uğrunda” medalı ilə təltif etmişdilər.

Hər üç qəhrəmanımız Sumqayıt Şəhidlər xiyabanında dəfn olunublar.