Sumqayıt Bulvarı ərazisində 2006-cı il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında stolüstü tennis üzrə yarış keçirilib. Birincilik Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.
44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər yolu” devizi altında 2 gün davam edən birinciliyin şəxsi yarışlarında Hüseyn Eylazov və Aylin Əsgərova, qoşa yarışlarda A.Əsgərova-Fatimə Cəfərova, Toğrul Məhəmmədov-H.Eylazov, qarışıq qoşa yarışlarda isə F.Cəfərova-H.Eylazov birinci yerləri tutublar.
Yarışın məqsədləri sözügedən idman növünün şəhərdə inkişafı, respublika yarışlarında iştirak edəcək şəhər yığma komandasının komplektləşdirilməsi, həmçinin Azərbaycanın müharibədə əldə etdiyi qələbənin təbliğinidir.