Sumqayıt şəhər Cümə məscidi H.Salayev küçəsində yerləşir. Məscidin bünövrəsi 1988-ci ildə qoyulmuşdur, lakin sonradan onun tikintisi dayandırılmışdır. İbadət evinin inşası 2001-ci ildə başa çatmışdır.
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəsmi saytında Cümə məscidin 1991-ci ildə şəhər sakinlərinin vəsaiti hesabına tikildiyi deyilir. “Azərbaycan Televiziyası” (AzTV) telekanalının saytında isə Cümə məscidin təməlinin 1989-cu ildə qoyulduğu qeyd olunub.
Sumqayıt şəhər Cümə məscidi mişar daşından tikilib. Məscid tikiləndə minarəsi olmayıb. İbadət evinin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər.
2011-ci ilin iyulunda Prezident İlham Əliyev məsciddə olub və onun tapşırığına əsasən, məscid əsaslı təmir edilmişdir. Təmir zamanı burada 34 metr hündürlüyündə minarə inşa olunmuşdur. Təmir işləri 2013-cü ildə başa çatmışdır.
Mənbələr:
- Azərbaycanın seçilmiş İslam abidələri. Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Bakı-2015.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- http://www.dqdk.gov.az/az/view/objects/60
- https://web.archive.org/web/20160325222853/http://www.aztv.az/readnews.php?lang=az&id=9736