Sumqayıtda 3 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə müəllimlərin bacarıqlarını artırmaq üçün ustad dərs həyata keçirilmişdir. Bu haqda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi xəbər yayıb.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil edilən dərsə Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən S.Rüstəmov adına 3 nömrəli UİM, Ə.Bakıxanov adına 1 nömrəli UİM, Q.Qarayev adına 1 nömrəli UMM, F.Əmirov adına 5 nömrəli UMM, M.Bülbül adına 2 nömrəli UİM, Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyəti qatılıblar.
Dərs Milli Konservatoriyanın tabeiyində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva tərəfindən keçirilmişdir.