Sumqayıtda baxılması üçün qonşuya verilən 2 yaşlı uşağın atası övladına sahib çıxmaq istəyib. Bu haqda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Report-a bildirib.
İlk öncə, valideyn azyaşlının yerləşdirildiyi sığınacağa müraciət edib və oradan Dövlət Komitəsinə yönləndirilib. Qurumda o, bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib. Daha sonra onunla psixoloji söhbət aparılıb və izahatı alınıb.
Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən atanın ailə vəziyyəti araşdırılmağa başlanılıb və sonda uşağın valideynə təhvil verilib-verilməyəcəyi ilə bağlı yekun qərar veriləcək.
Xatırladaq ki, həmin uşaq bir neçə gün öncə valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilmişdir. Lakin sonra azyaşlının anası zəngləri cavablandırmamış, atası isə ondan imtina etdiyini söyləmişdir. Nəticədə qonşu uşağı sığınacağa təhvil vermişdir.