Sumqayıt sakinləri ictimai nəqliyyatda kartla ödəmə etdikləri zamanı balansın görünməməsindən narazıdırlar. Bu məsələ ilə bağlı Sumqayıt24 “Sumqayıt Nəqliyyat -1” MMC-nin Xəbərlə.com-a verdiyi açıqlamasına istinadən yazır.
Qurum tərəfindən sərnişinlərdən ödəniş zamanı diqqətli olmaları xahiş edilib. Ödəmə zamanı validatorda “X” işarəsi göründükdə, təkrar cəhdi 20 saniyə sonra etmək lazımdır. Kartı terminala yaxınlaşdıran zaman, “quş” işarəsi görünəndə, kartı dərhal götürmək lazımdır, əks halda balansdan vəsaitin bir neçə dəfə çıxılması halları baş verə bilər.
Bundan əlavə, balansdan pul “yoxa çıxdıqda”, məsul şəxslərə verilən bankların post terminalları ilə balansda həqiqətən pulun olub olmaması yoxlanılacaq.
Əlavə edilib ki, hələlik sistemlə əlaqəli olaraq ödəmə terminallarında balans görmək olmur, lakin yaxın zamanda onlayn sistemə keçdikdən sonra bu problem həll olunacaq.