Özünü “Seyid Hüseyn” kimi təqdim edən şəxs Həsənovlar ailəsini aldadaraq, onların pul və qızıllarını mənimsəyib. Bu haqda APA məlumat yayıb.
Hadisə “Xəzər bağları” yaşayış massivində qeydə alınıb. “Seyid Hüseyn” Sonaxanım Həsənovanın evinə daxil olaraq mətbəxin qapısında cadu olduğunu bildirib. Buna inanan ev sahibəsi ona, qapını sökməyi üçün lazımi ləvazimatları verib. Fırıldaqçı qapını söküb və oradan kağıza bükülmüş sap parçası çıxarıb.
Daha sonra “Seyid Hüseyn” Sonaxanımdan 100 manat pul istəyib. Həmçinin, evdə olan qızılların üstündə nəfs olduğunu və o qızılları təmizləyə biləcəyini bildirib.
Ümumilikdə, “Seyid Hüseyn” ailədən 100 manat və 2 qızıl dəsti, 1 bilərzik, 2 üzük, 3 ədəd sırğanı bədlikdən “təmizləmək” adı ilə məscidə aparmalı olduğunu bildirib. O, Sonaxanım ilə birgə məscidə yola düşüb, lakin yolun ortasında xanımı geri qaytarıb. Fırıldaqçı məscidə gedib-qayıdacağına söz versə də, onu bundan sonra görən olmayıb.
Faktla bağlı araşdırma aparılır.