Sumqayıt şəhəri ərazisində daha 8 narkotacir saxlanılıb. Bu haqda 30 avqust, gecə saatlarında məlum olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində çətənə yetişdirən 59 yaşlı Ağadat Mütəlimov tutulub. Evin həyətyanı sahəsində 8 kiloqram çəkisi olan 11 ədəd çətənə kolu aşkar olunub.
Daha bir əməliyyat zamanı şəhərin 9-cu mikrorayonunda narkotik dövriyyəsiylə məşğul olan Elçin İmanov, Tural Bayramlı və Azər Musayev saxlanılıb. Onların üzərində heroin aşkar edilib.
Həmçinin Sumqayıtın müxtəlif ərazilərində narkotik alverində şübhəli bilinən Arif Hüseynov, Teymur Həmzəyev, İlqar Əliyev və Səfər Əliyevin üzərində heroin və psixotrop maddə olan metadon aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.