Sumqayıtdan Bakıya göndərilən poçt bağlamalarının təhvil verilməsində yenilik qəbul edilib. Bu haqda “Azərpoçt” MMC-nin rəsmi saytında məlumat yayılıb.
“Azərpoçt” MMC tərəfindən keçirilən “Extra” pilot layihəsinə əsasən, yenilik poçt bağlamaları və banderollarına şamil olunur.
Belə ki, vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə istənilən poçt şöbəsindən “Extra” göndərişi həyata keçirə bilərlər. Göndərişlər isə gün ərzində, Poçt Daşıma Mərkəzində mübadilə aparılmadan paytaxtın Avtovağzal Kompleksində yerləşən “Şəbəkə” xidmət mərkəzində (AZ1144) həftənin bütün günləri, eləcə də bayram günləri saat 09:00-dan 21:00-dək və PDM-in poçt göndərişlərinin çıxış məntəqəsində (AZ9502) günün 24 saatı ərzində alıcıya birbaşa təhvil verilir.
Qeyd edək, pilot layihə Sumqayıtdan başqa daha 18 şəhər və rayona aid edilib.