Şəhid operator Sirac Abışovun qardaşı Şirzad “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-də işlə təmin olunub. Bu barədə bu gün, 8 oktyabr tarixində AzTV məlumat yayıb.
Şirzad Abışov Kinoproqramlar və Dublyaj Baş Redaksiyasının rejissoru kimi çalışmağa başlayıb.
Şəhid Sirac Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Onun ailəsinə “Stansiya Sumqayıt” adlanan ərazidə yerləşən 3 otaqlı mənzil verilib.
İçində Sirac Abışovun da olduğu nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş edərkən tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşı Əliyev Arif Ağalar oğlu həlak olub.
Şəhid Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.