Yay aylarında bir çox yerlərdə qarşılaşa biləcəyiniz mənzərə Sumqayıtın 8-ci mikrorayon ərazisində də var. Burada yaşayan sakinlərin sözlərinə görə, yay aylarında zibillikdən axan suların üfunət qoxusundan küçəyə çıxmaq belə olmur.
Qutulara atılan qarpız və yemiş tullantıları orada su salır. Şəhərdə qoyulan əksər zibil qabları köhnə olduğundan üfunət iyi yayan mayə küçəyə dağılır.
Ən vacib məsələlərdən biri isə, uşaqların bu şəraitdə oynamaqlarıdır. Belə ki, məişət tullantıların çürüməsi nəticəsində ayrılan ammonyak (HN3) qazı göz və tənəffüs yollarına təsir edə bilər, yüksək konsentrasiyalarda isə ölümlə nəticələnə bilər.
İyulun 27-i Sumqayıtda tullantı qabların yuyulması, dezinfeksiya olunması və mütamadi olaraq yeniləri ilə əvəz olunması haqda Dünya TV-də, reportaj təqdim olunmuşdur. Video həmçinin Facebook-da paylaşılıb. Sosial şəbəkənin istifadəçiləri isə həqiqi vəziyyətin videodakından daha acınacaqlı olduğunu qeyd edirlər.
Şərhlərdən birini təqdim edirik:
“Bu təmizlik gözəldir tamam. amma fikir versək belə normadan artıq çirklənməni yaradan səbəblər nədir? ilk öncə bu səbəblər aradan qaldırmalıdır. Səbəblərin isə iki tərəfi vardır.. şəhər sakinlərinə baxan tərəfi: zibilləri düzgün çeşidləməmək, zibil qutusuna deyil yerə atmaq, maye tullantıları bərk tullantılar ilə birlikdə atmaq və sairə. Zibil problemi ilə əlaqədar qurumlardan işlərini düzgün görmək üçün tələb etməliyik”.