Sumqayıt şəhərin polis əməkdaşları tərəfindən 5 toy məclisində karantin qaydalarının pozuntusu aşkar olunub. Bu barədə APA məlumat yayıb.
Şəhərin 8-ci mikrorayonunda yerləşən “Dostluq” restoranının sahibi Ədail Əskərov və toy məclisinin iştirakçıları cərimələniblər. Araşdırma zamanı qonaqların portaldan qeydiyyatdan keçmədiyi məlum olub.
Şəhərin 10-cu mikrorayonunda yerləşən “Eloğlu” restoranının sahibi Sultan Əliyev barəsində cinayət işi açılıb. Daha öncə dəfələrlə xəbərdarlıq və cərimə olunduğuna baxmayaraq o, karantin qaydalarını pozmağa davam edib.
“Stansiya Sumqayıt” massivində İlkin Qəhrəmanova aid fərdi yaşayış evində keçirdiyi toy məclisi yarımçıq dayandırılıb. Buna səbəb şənliyin portalda qeydiyyatdan keçirilməməsi və qonaqların sayının artıq olmasıdır. Qəhrəmanov və məclis iştirakçıları qanuna uyğun cərimələniblər.
Daha bir qayda pozuntusu 49-cu məhəllədə baş verib. Ev sahibi Azad Mirzəməmmədovun toy məclisi keçirərkən karantin qaydalarını pozduğu aşkar olunub. O və qonaqlar inzibati məsuliyyətə cəlb olunublar.
Bənzər hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Rəsul Məmmədovun özünə məxsus fərdi evdə müəyyən edilmiş qaydalara zidd toy məclisi təşkil etdiyi məlum olub. Məmmədov və məclis iştirakçıları cərimələniblər.