Sumqayıt ölkə iqtisadiyyatının inkişafında böyük rola sahibdir. Şəhərimiz əhali sayına və sənaye gücünə görə yalnız paytaxt Bakıdan geri qalır. Burada fəaliyyət göstərən çoxsaylı müəssisələrdə müxtəlif tikinti, yeyinti və məişət məhsulları istehsal edilir. Məhsullar daxili bazarın təminatı ilə yanaşı, xaricə də ixrac olunur.
Sumqayıt24 “gənclik şəhəri”nin istehsalat və ixracatı barədə ətraflı məlumatı təqdim edir:
Sumqаyıt Texnologiyalar Parkı
Burada alternativ enerji mənbələrindən istifadə etməyə imkan yaradan avadanlıqlar, о cümlədən külək və kiçik gücə malik su elektrik stansiyalarının avadanlıqları, günəş еnеrjisi qurğulаrı, iri çaplı plastik, yüksək təzyiqə davamlı metal–plastik borular, arqon, oksigen, azot və digər texniki qazlar, elektrik güc kabelləri, elektrik hava xətləri naqilləri və müasir güc tranformatorları istehsal olunur.
“Etilen-polietilen” zavodu
Müəssisədə benzin, rafinat benzin, resikləşdirilmiş benzin, etan, etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, metan, propan və hidrogen fraksiyası kimi məhsullar istehsal olunur. Həmçinin burada buxar və elektrik enerjisinin (buxar generatoru) istehsal kompleksi fəaliyyət göstərir.
“Bismak” Qida Sənaye Kompleksi MMC
Biskvit sexində çoxçeşidli peçenye və vafli, makaron istehsalı sexində isə müxtəlif makaron məhsulları istehsal edilir. Sözügedən məmulatlar Gürcüstan, Rusiya bazarlarına da göndərilir.
“Çörəkçi” zavodu
Gündəlik istehsal gücü 150 ton olan müəssisədə 45 çeşiddə 12 növ çörək məhsulları və un məmulatları istehsal olunur. Çörək məhsulları qablaşdırılaraq “Çörəkçi” brendi altında satışa çıxarılır.
“Gilan Tekstil” Parkı
Bu parkda məhsullar 100% yerli pambıqdan hazırlanır. Toxuma fabrikində illik gücü 8.500.000 m. parça istehsal etmə gücünə malik istehsalat qurulub. Toxunan parçalar 0,90 sm-dən 3,40 sm-ə qədər enində olur. Məhsullar beynəlxalq keyfiyyət sertifikatına malikdir.
“Alyans Tekstil” MMC
Tekstil fabriki illik 100 min dəst işçi geyimləri – gödəkçə, kombinezon, kostyum və digər dəstlər istehsal edə bilir. Məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun loqo və ad vurulur.
“Azərsun Sənaye Parkı” Kağız və karton istehsalat kombinatı
Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yalnız Azərbaycanda qurulub. Müasir avadanlıqlar hesabına burada yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə edilir. Kombinatın illik emal gücü 50 min tondur.
“Azərsun Sənaye Parkı”nın Sumqayıt yağ fabriki
Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunur.
Mis emalı istehsalı zavodu
Ay ərzində orta hesabla 500 tona qədər mis tullantıları qəbul edilir. Ay ərzində 450 ton anod xammalı əldə olunur. Prosesə laboratoriyada ciddi nəzarət olunur. Nəticədə yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Məhsulun əsas sifarişçisi STP-də yerləşən müəssisə və zavodlardır. Bu məhsuldan müxtəlif ölçülü mis naqillər və digər mis məmulatları istehsal edilir.
“Azgüntex” MMC
Аltеrnаtiv və Bərpа оlunаn еnеrji аvаdаnlıqlаrı istеhsаl еdilən müəssisədir. Burada günəş panelləri istehsalı sahəsi fəaliyyət göstərir.
“Azərtexnolayn” MMC-nin polad boru zavodu
Müəssisədə polad borular, kanalizasiya qapaqları və s. istehsal olunur. Məhsullar xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunur.
“Glassica” QSC
“Glassica” QSC-də Almaniyanın şüşəəritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan “HORN Glass Industries AG” şirkətinin texnologiyaları tətbiq edilir. Burada müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunur.
Qeyd edək ki, məhsullar Finlandiya, Gürcüstan, İraq, Polşa, Tacikistan, Qazaxıstan, Türkmənistan, Brazilya, Gürcüstan, Türkiyə, Moldova, Albaniya, BƏƏ, Rumıniya, İtaliya, Bolqarıstan, İsrail, İspaniya və Yunanıstana göndərilir.