Sumqayıtda MAXEHQ-lərin qəbulu başlayıb

Total
0
Shares
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi qəbul elan edir
Foto açıq mənbələrdən

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi qəbul elan edir. Sumqayıt24 bu haqda 25 iyul tarixində xəbər verir.

Qəbul prosesi müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşlar üçün təşkil olunub.

Ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1,85 m-dən aşağı olmayan (təsdiq edici sənəd təqdim etmiş Vətən müharibəsi iştirakçıları boyu 1,80 m-dən aşağı olmayanlar) və 27 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) qurumun Sumqayıt regional idarəsinə müraciət edə bilərlər.

Müraciətçilər qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinə göndərilirlər. Yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanlardan uğurla keçən namizədlər agentliyə qəbul olunurlar.

Agentliyə qəbul edilən şəxslərlə 3 illik bağlaşma imzalanır və onlar müvafiq vəzifələrə təyin edilirlər.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsinin əsli və surəti;

– hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti;

– bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsidir (11-ci mkr, Üzeyir Hacıbəyov küçəsi, 1, Sumqayıt Dəmiryol vağzalının yanı).

Müraciət etmə vaxtı iyulun 27-dən avqustun 11-dək təyin olunmuş günlər (bazar ertəsindən cümə gününədək, digər günləri istisna olmaqla) saat 15:00-dan 18:00-a qədərdir.

Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq, məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur.