Sumqayıtda 31 yaşlı kişi qardaşına xəsarət yetirib. Sumqayıt24 bu haqda 13 noyabr tarixində xəbər verir.
Hadisə 49-cu məhəllədə baş verib. Rəşad və ailə üzvü Elxan (adlar şərti verilib – red.) birgə yaşadıqları evin həyətində mübahisə ediblər. Nəticədə Rəşad qardaşını vurub. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub.
Rəşad ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, son 22 ildir Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən fərdi evdə özü, Elxan və ailəsi, digər qardaşı Elmir, anası Südabə yaşayırlar:
“Hadisə günü, gecə saat təxminən 1-2 radələrində yaşadıqları evdə olan zaman həyətdə qardaşım Elxanla aramızda mübahisə yarandı. Həmin vaxt qardaşımız Elmir də yanımızda olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə Elxanın evli olduğu halda başqa qadınla münasibət saxlamasına görə olub:
“Mübahisə zamanı əsəbiləşərək yumruqla bir dəfə Elxanın sol gözünə vurdum. Həmin vaxt digər qardaşım Elmir araya girərək bizi ayırdı. Sonra Elxan Daxili İşlər Nazirliyinin “102” xidmətinə hadisə barədə məlumat verdi. Ünvana polis əməkdaşları gəldilər. Hadisədən bir müddət sonra qardaşım Elxan işləmək üçün Rusiyaya getdi. Hazırda da oradadır. Əməlimdən peşman olmuşam. Qardaşımla barışmışam”.
Cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Nəticədə Rəşad barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.