“Sumqayıt”ın prezidenti stadionun açılmama səbəbini bilmir

Total
0
Shares
“Sumqayıt”ın prezidenti stadionun açılmama səbəbini bilmir
Foto sportinfo

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev də stadionun açılışını gözləyir. Sumqayıt24 bu haqda 26 iyul tarixində Sportinfo.az-a istinadən xəbər verir.

O bildirib ki, bir neçə il ərzində sökülüb yenidən tikilən Mehdi Hüseynzadə adına şəhər stadionu İcra Hakimiyyətinin balansındadır:

“Şəhərin İcra Hakimiyyəti ilə daimi əlaqədəyik. Sıx əlaqələrimiz var.

İdman mərkəzi bir neçə ay öncə hazır vəziyyətə gətirilib. Bildiyimə görə, orada elə bir iş qalmayıb. Stadionun istifadəyə verilməsi üçün lazımi işlər görülüb. Ancaq rəsmi açılışın olmamasının səbəbi bizə məlum deyil.

Açılışdan sonra oraya köçəcəyik. Fikrimiz stadionu uzunmüddətli icarəyə götürməkdir. “Sumqayıt” şəhərin tək komandasıdır. Özünüz də görmüsünüz ki, əksər oyunlarımız dolu tribunalar qarşısında keçir.

Bir çox hallarda azarkeşlər meydançanın kənarında, stadionun ətrafında qalır, boş yer olmur. Yenidən tikilən stadionun tutumu “Kapital Bank Arena”dan xeyli böyükdür.

Bu şəhər futbolla yaşayır və biz də istəyirik ki, doğma azarkeşlərimizin dəstəyi sayəsində oynayaq, onları uğurlu nəticələrimizlə sevindirək”.