“Sumqayıt”ın yeni transferi Roi Kahat klubun rəsmi saytına müsahibə verib. Sumqayıt24 bu haqda 25 iyul tarixində xəbər verir.
İsrailli yarımmüdafiəçinin sözlərinə görə, futbolçular bir-birinin oyun tərzini tanımağa başlayırlar. Mövsümün startında ən yaxşı formada olmaq üçün məşqlərdə çox çalışırlar.
O, “gənclik şəhəri” təmsilçisinə keçidinə də toxunub:
“Bu klubdan mənə təklif gələndə liqa və ölkə barədə maraqlanmağa başladım. Bir vaxtlar “Sumqayıt”da oynayan dostumdan klub haqqında soruşdum. Həm ondan, həm də hazırda və əvvəllər burada oynamış digər israilli futbolçulardan çox yaxşı şeylər eşitdim”.
Kahat komandanın səviyyəsinin çox yaxşı olduğunu vurğulayıb:
“Əksər oyunçular ingiliscə danışa bilirlər, ona görə də ünsiyyət və uyğunlaşmada problem yoxdur. Klubdakı hər kəs çox mehriban və qonaqpərvərdir. Ümid edirəm ki, evdə və səfərdə – hər oyunda azarkeşlərimizin dəstəyini görəcəyik. Biz də daim onları sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, Roi Kahat “Sumqayıt”la 2 illik müqavilə imzalayıb.