Sumqayıtlı gənc ölkədə ilk improvizə teatrı yaradır. Bu barədə Sumqayıt24 7 yanvar tarixində Azərtac-a istinadən xəbər verir.
Azərbaycan Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsinə qəbul olunaraq oranı bitirən Rəmal Babayev uşaqlıq arzusundan danışır: “Aktyorluq üzrə oxumaq istəsəm də, evdən birmənalı şəkildə buna qarşı çıxdılar. Lakin tələbəlik illərində “Şən və hazırcavablar” komandası yarada bilməyimiz yolumun başlanğıcı oldu”.
Rəmal Sumqayıtda gənclərlə birləşərək mədəniyyət evləri, özəl müəssisələrdə kiçikhəcmli tamaşalarda oynayıb. Ssenarini özləri yazıb, özləri quruluş verib və özləri də aktyor olublar.
İdeyanı türkiyəli Tolğa Çevikdən götürdüyünü deyən Rəmal nəinki Sumqayıtda, Azərbaycanda ilk improvizə teatrının gələcəyinə inanır və həvəslə onun formatından söz açır: “Burada köməkçi aktyor və aktrisalar tamaşaçılar arasından seçilməklə səhnə ilə tamaşaçı arasında təmas qurulur və tamaşaçı həm də müəllifə çevrilərək əyləncəni daha yaxşı formada yaşaya bilir”.
Rəmal hesab edir ki, onun yaratmaq istədiyi yeni teatr tamaşaçı zövqünün təkmilləşməsi işində də sözünü deyə biləcək.