Vaqif Cavadov futbol karyerasından danışıb – MÜSAHİBƏ

Total
0
Shares
Vaqif Cavadov futbol karyerasından danışıb - MÜSAHİBƏ
Foto oxu.az

“Sumqayıt” FK-nın əvəzedicilərinin məşqçisi Vaqif Cavadov müsahibə verib. Sumqayıt24 bu haqda 26 may tarixində xəbər verir.

34 yaşını tamamlayan keçmiş forvard futbolçu karyerasından, məşqçi kimi gələcək planlarından Oxu.az-a danışıb.

Həmin müsahibəni təqdim edirik:

– 34 yaşınızı tamamlayırsınız. Özünüzü necə hiss edirsiniz?

Hər şey yaxşıdır. Yada saldığınız üçün təşəkkür edirəm!

– Doğum gününüzü necə qeyd edəcəksiniz?

– Axşam ailəmlə bir yerdə olacağam. Son zamanlar evdə oluram. Əvvəllər fərqli idi. Subay olduğum, həm də oynadığım üçün ailəmlə ola bilmirdim. Bəzən oyun gününə düşürdü, komandanın düşərgəsində olurdum və s. Son illərdə isə yaxınlarımla keçirirəm. Bu gün də əvvəl futbola gedəcəyəm, axşam isə yaxınlarımla olacağam.

– Doğum gününüzdə aldığınız ən maraqlı hədiyyə nə olub?

– Düzü, hədiyyələrə o qədər də önəm vermirəm. Ən vacibi dostlarımın, yaxınlarımın yanımda olmasıdır. Hədiyyəyə fərq qoymuram, əsas insanların diqqətidir.

– Atanız Füzuli Cavadov, əminiz İsgəndər Cavadov da futbolçu olublar. Bu sahəyə yönəlməyinizdə, yəqin ki, onların böyük rolu olub…

– Bəli, həvəs ailədən gəlir. Gözümü açandan top görmüşəm. Qardaşlarım da oynayıblar. Amma futbolçu olmaq mənim qismətimdə imiş. Valideynlərimə minnətdaram ki, bu imkanı mənə yaradıblar. Özümdə futbola böyük həvəs var idi. Amma əziyyətini mənimlə birgə valideynlərim də çəkiblər. Hesab edirəm ki, doğru seçim etmişəm. Kimsə razılaşmaya bilər, amma mən inanıram ki, futbolçu olmaqla düzgün qərar vermişəm.

– Geriyə boylananda karyeranızdan razısınız?

– Əlbəttə. Təki hər bir azərbaycanlı futbolçunun mənim kimi karyerası olsun. Gənc oyunçularımıza bunu arzu edirəm.

– Belə çıxır ki, istədiyiniz hər şeyə nail olmusunuz…

– Düzü, Avropada möhkəmlənmək istəyərdim. Bu, o qədər də alınmadı. Ümumilikdə futbol karyerama baxanda məmnunam və heç nədən xüsusi narazılığım yoxdur.

– Karyeranızın ən uğurlu dövrü hansı idi?

 

– “Qarabağ”da çıxış etdiyim vaxtı qeyd edə bilərəm. “İnter”də də yaxşı alınmışdı, son olaraq “Keşlə”də də kubok qazanmışam (“İnter” sonradan “Keşlə” adlanıb, hazırda isə bu klub “Şamaxı” adı altında çıxış edir – red.). Ümumən oynadığım hər komandada fayda verməyə çalışırdım və lider olmaq istəyirdim. Tarixə, oyunlara baxanda bunun belə olduğu üzə çıxır.

– Hansısa qərarınıza görə peşmanlıq yaşamısınız?

– Xeyr.

– Karyeranızda maraqlı bir neçə məqam var. Bunlardan ikisi diqqətimi daha çox çəkib. Birincisi, Almaniya ilə oyunda Manuel Noyerə künc zərbəsindən birbaşa qol vurmağınızdır. Bu, təsadüf idi, yoxsa hazırlıq?

– Həmin dövrdə baş məşqçimiz Berti Foqts idi. Məşqlərdə bunun üzərində işləyirdik. Əslində yaxın dirəyə adi ötürmə idi. Sadəcə elə alındı ki, qola çevrildi. Birləşmiş Ərəb Əmirliklərində Çexiyaya qarşı yoldaşlıq oyununda da oxşar epizod olmuşdu. Yenə yaxın dirəyə tərəf ötürmə etmişdim və Ruslan Abışov başla fərqlənmişdi. Həmin oyunda özüm də başla qol vurmuşdum və 2:0 hesabı ilə qalib gəlmişdik.

– Bir çox mütəxəssislə işləmisiniz. Rəhbərliyi altında oynadığınız ən yaxşı baş məşqçi kim idi?

– Əlbəttə ki, Qurban Qurbanovu qeyd edərdim. Ondan başqa, Kaxaber Sxadadze, Berti Foqtsun adını çəkməliyəm. Bu insanlar futbolu sevir və futbolçulara dəyər verirlər.

– Unutmadığınız oyunlar və qollar…

– Qollardan danışdıq artıq. Rusiya və Almaniya ilə matçlarda vurduğum qollar unudulmazdır. Oyunlara gəlincə, yenə bu iki yığma ilə görüşləri, Türkiyəyə qarşı matçı, “Qarabağ”ın “Rusenborq”la oyununu qeyd edə bilərəm.

– Karyeranızı sanki bir qədər tez – 31 yaşda başa vurdunuz. Bir neçə il də oynamaq olmazdı?

– Hər şeydə bir xeyir var. Məncə, ehtiyatda oturmaqdansa, karyeranı bitirmək daha doğrudur.

– Siz baş məşqçi təyin olunanda “Sumqayıt”ın əvəzedici komandası I Divizionda sonuncu idi, ancaq komandanı iki pillə irəli apara bildiniz. Nəyi dəyişmisiniz?

Uşaqlarda ruh yüksəkliyi yaratdıq, özlərinə güvəndilər. Son 5 matçda 3 qələbəmiz oldu. Ondan qabaq cəmi 13 xal toplamışdılar. Eyni heyətdir, eyni meydandır və eyni rəqiblərdir. Sadəcə özlərinə güvənirlər. Son oyunlarda 3-4 qol vura bilmişik. Növbəti mövsümə ümidlə baxırıq. İnanıram ki, daha yaxşı nəticələr əldə edə bilərik.

– Məşqçi kimi əsas hədəfiniz nədir?

– İlk növbədə yaxşı mütəxəssis olmaq istəyirəm. Bunun üçün çoxlu oxumalı və öz üzərimdə işləməliyəm. Azərbaycan futboluna kömək etmək istəyirəm. Hər bir məşqçi kimi hədəfim milli komandanı çalışdırmaqdır. Buna isə hələ çox var. Əvvəlcə digər iş yerlərində nəticə vermək, inkişaf etmək lazımdır.

– Bu məqsədə gedən yolda kimlərdən nümunə götürəcəksiniz?

– Bəyəndiyim məşqçilər çoxdur. Antonio Konte, Dieqo Simeone, Pep Qvardiola kimi mütəxəssislərin oyun üslublarını sevirəm. Hər biri öz yanaşmasını qəbul etdirməyi bacarıb. Digər bəyəndiyim məşqçilər də var. Kimisə unuda bilərəm.

– Vaqif Cavadovun komandası necə oynamalıdır?

– Hücum etməlidir. Amma müdafiəni də unutmaq olmaz.

– Uzun illər formasını geyindiyiniz milli komandanın hazırkı heyəti zəif hesab olunmur. Amma nəticələr heç cür yaxşılaşmır. Bunu necə düzəltmək olar?

– Millidən çox danışılır. Nəticə, həqiqətən, ürəkaçan deyil. AVRO-2024-ün seçmə mərhələsinə start bir az pis oldu. Bir az yox, hətta çox pis oldu. İstənilən halda bizim millidir, pis-yaxşı özümüzündür. İnanıram ki, yaxın gələcəkdə düzələcək, hər şey yaxşı olacaq. Görək, baş məşqçi qarşıdakı oyunlarda nələr edəcək.

– Millinin çox müzakirə olunduğunu dediniz. O ab-havanı yaşamış biri kimi, bu, futbolçulara necə təsir edir?

– Azərbaycanda məndən çox tənqid edilən futbolçu olmayıb. İndiki oyunçulara yönələn tənqidlər onların yanında hələ heç nədir. Ona görə də normal qarşılamalıdırlar. Başlarını aşağı salıb ən maksimumunu etməyə çalışmalıdırlar.

– Ancaq xatırlayıram ki, sizə qarşı tənqidlər aqressiv deyildi…

Ola bilər. Azarkeşlər də bilirdilər ki, mən bunları normal qarşılayıram. Futbolda belə hallar olur. Sadəcə nəticə çıxarmaq və səhvləri düzəldib irəli getməyi düşünmək lazımdır. Azarkeşlər çox istədiklərindən, daha yaxşı milli olması üçün tənqid edirlər.