Sumqayıtda yerləşən SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun direktoru cərimələnib. Bu haqda 22 iyul tarixində Sumqaıt24 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət tədbirləri keçiriblər. Tədbir zamanı etilen-polietilen zavodundan tullantı suların torpaq kanal vasitəsilə Sumqayıtçaya, oradan da təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı müəyyən edilib.
Tullantı sularından götürülən nümunələr üzərində analizlər aparılıb. Nəticələrə əsasən, zərərli maddələrin miqdarının normadan artıq olduğu məlum olub.
Faktla bağlı zavodun direktoru Oqtay Niftəliyev barəsində protokol tərtib edilib. O, vəzifəli şəxs qismində cərimələnib. Nöqsanların aradan qaldırılması və tullantı sularının düzgün idarə olunması məqsədilə direktora məcburi göstəriş verilib.