Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında beş medal qazanan Azərbaycan millisinin üzvləri sentyabr 7-də Vətənə qayıdıblar. Cüdoçularımız yarışı üç qızıl və iki bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci olub.
Ölkəmizə qızıl medal qazandıranlardan biri də 90 kiloqram çəkidə mübarizə aparan sumqayıtlı Süleyman Şükürovdur. O, finalda Almaniya təmsilçisi Konstantin Disteli məğlub edərək karyerasında ikinci dəfə gənclər arasında Avropa çempionu adını qazanıb.
Cüdoçumuzdan götürülən müsahibəni təqdim edirik.
- Finalda almaniyalı rəqibin Konstantin Distelə ippon fəndi ilə cəmi 24 saniyəyə qalib gəldiniz. Bu gedişatı təxmin edirdiniz?
- Bəli, gözləyirdim. Karyeram ərzində Konstantin Distellə ikinci dəfə idi qarşılaşırdım. İlk görüşdə daha tez - 20 saniyəyə qalib gəlmişdim. Podqoritsada da hiss edirdim ki, rəqibimin üzərində sürətli qələbə qazanacağam və belə də oldu.
- 90 kiloqram çəki dərəcəsində ilk beynəlxalq turniriniz idi, əvvəl daha aşağı çəkilərdə güləşmisiniz, çətin olmadı ki?
- Güləşməyə can atan idmançı üçün çəkinin bir o qədər də əhəmiyyəti yoxdur. Bəli, əvvəl 81 kiloqramda güləşmişəm. Sonuncu Avropa çempionatında isə çəkimi 90 kiloqrama qaldırdım. Düzünü desəm, mənim üçün ciddi bir fərq olmadı. Güləşmək istəyən, güləşəcək.
- Hazırkı çəki ilə güləşmək medal qazanmaq baxımından nə qədər əlverişlidir?
- Qarşıda gənclərin dünya çempionatı gəlir, hazırlıqlar davam edəcək. Özümə inanıram, yaxşı formadayam. Bunu müəllimlərim də təsdiq edirlər. Kənardan da yaxşı sözlər eşidirəm, dəstək alıram. Qısası, yüksək yerlər uğrunda güləşməyə hazıram.
- Avropada Azərbaycan cüdoçularına əsas çətinlik yaradan hansı ölkələrdən olan rəqiblərdirlər?
- Avropada bizə çətinlik yaradan əsasən rusiyalı və Gürcüstan cüdoçuları olur. Lakin son yarışda bizə mane olmaq gücündə olmadılar.
- Hazırda hansı idman cəmiyyətində və kimin rəhbərliyi altında məşq edirsiniz?
- Sumqayıt şəhərində məşq edirəm, şəxsi məşqçim Fərid Ağakişiyevdir. Yeddi yaşımdan Fərid müəllimin nəzarəti altında məşq etmişəm.
- Azərbaycanın hansı cüdoçusunun güləşmək tərzini daha çox bəyənirsiniz?
- Düzünü desəm, konkret hansısa cüdoçumuzun adını çəkə bilməyəcəm. Əgər güləşmək tərzindən söhbət gedirsə, öz güləş tərzimlə fəxr edirəm. Bir daha qeyd edim ki, kənardan da müsbət fikirlər alıram, yaxşı formadayam.
- Oktyabrın 4-11-də dünyanın ən güclü cüdoçuları Bakıya yığışacaqlar. Yarışı tribunadan izləmək fürsətiniz olacaq. Təxminləriniz necədir, komanda hesabında ilk yerlərə ümid etmək olar?
- Bəli, qarşıdan cüdo üzrə dünya çempionatı gəlir. Yarışı tribunadan seyr etmək yox, özüm tatamiyə çıxıb güləşmək istəyirəm. Əlbəttə, bunun üçün müəllimlərin qərarı olmalıdır. Mənim iştirakımdan asılı olmayaraq, komandamıza inanıram. İnşallah, biz qalib olacağıq. Proqnozuma görə üç qızıl medalı götürmək şansımız var.
Mənbə: İdman.biz