"Sumqayıt" futbol klubuna əsas kapitan təyin olunub.
Komandanın rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib. Toplantıda verilən qərara əsasən, İsa Suliman klubun əsas kapitanı təyin olunub. Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.
Sumqayit24.az İsa Sulimanın niyə məhz əsas kapitan seçildiyi və ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq Səbuhi Abdullazadə komandaya qayıtdıqdan sonra kapitanlıq sarğısını kimin daşıyacağı ilə bağlı "Sumqayıt" FK-ya müraciət edib.
Klubun mətbuat katibi Zaur Xudiyev bildirib ki, İsa Suliman artıq 4 ildir komandadadır:
"Doğrudur, bunun son iki mövsümünü ağır zədə səbəbindən oynaya bilmədi. Amma ilk iki mövsümdə komandanın əsas heyət üzvü, əsas oyunçularından biri idi və klubun UEFA Konfrans Liqasında iştirak etdiyi mövsümdə liderlərdən biri sayılırdı.
Onun beynəlxalq təcrübəsi var, İngiltərə futbolunun yetirməsidir. Bir insan kimi də komandanın daxilində böyük hörməti, avtoriteti və nüfuzu var. Heyətin təxminən 60-70 faizinin əcnəbilərdən ibarət olduğunu nəzərə alsaq, komanda daxilində ünsiyyət baxımından da problem yoxdur. Azərbaycan dilində artıq elementar fikirlərini bildirəcək və deyilənləri anlayacaq səviyyədədir.
Bir sözlə, İsanın komandanın kapitanı olması üçün bir çox xüsusiyyəti var. Buna görə də Səbuhi Abdullazadənin yoxluğunda onun kapitan təyin olunması məqsədəuyğun və gözlənilən idi. Səbuhi zədələndikdən sonra iki oyunda Höccət Haqverdi komandanı kapitan kimi meydana çıxardı. Daha sonra o, əvəzlənəndə kapitanlıq sarğısı İsaya verildi. Komanda yoldaşları da soyunub-geyinmə otağındakı atmosferdə İsanı lider və kapitan kimi qəbul edirlər. Ona rəsmi kapitanlığın verilməsinin əlavə motivasiya yaradacağını düşünürük.
Səbuhi ümid edirik ki, tezliklə sağalacaq və məşqlərə qoşulacaq. Amma aydındır ki, onun komandaya qayıtması ən yaxşı halda qış fasiləsindən sonra mümkün olacaq. Belə olan halda düşündük ki, mövsümün sonuna qədər İsa kapitan olsun. Hər iki futbolçunun da bu mövsüm müqaviləsinin son ilidir. Gələcəkdə müqavilələrin uzadılıb-uzadılmayacağını zaman göstərəcək".