Bu gün futbol üzrə Misli Premyer Liqasının 8-ci turunda ikinci qarşılaşma keçiriləcək.
"Sumqayıt" "SOCAR Polymer Arena"da "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.
Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq. Ona yan xətt hakimləri Asiman Əzizli və Zöhrab Abbasov kömək edəcəklər. Murad Səlimov dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR sisteminə Əkbər Əhmədov, AVAR-a isə Rəhman İmami cavabdeh olacaq. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Yavər Rəhimov olacaq.
Komandalar indiyədək Azərbaycan Premyer Liqasında 11 dəfə üz-üzə gəliblər. Bu görüşlərin dördündə "Sumqayıt", dördündə "Araz-Naxçıvan" qələbə qazanıb. Üç qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də bərabərlik var - 10:10.
Maraqlıdır ki, "Araz-Naxçıvan" son dörd görüşün hamısında rəqibinə qol vurub. "Sumqayıt" isə doğma meydanda keçirilən son iki qarşılaşmada qalib gəlib. Tərəflərin son duelində də Sumqayıt təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Hazırda "Sumqayıt" beş xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. İki xala malik "Araz-Naxçıvan" isə 12-ci yerdədir.
Mənbə: İdman.biz