"Sumqayıt" futbol klubunun Mehdi Hüseynzadə adına şəhər stadionuna nə vaxt qayıdacağı məlum olub.
Klubun mətbuat katibi Zaur Xudiyev açıqlamasında komandanın doğma stadionuna dönüşü və arenanın qazonunun son vəziyyəti barədə danışıb.
O bildirib ki, stadion artıq hazır vəziyyətdədir. Lakin klub qazonu riskə atmamaq üçün növbəti ev oyununu da "SOCAR Polymer Arena"da keçirməyi məqsədəuyğun sayıb:
"Əslində, stadion artıq hazır idi, sadəcə risk etmək istəmədik. Qazonu riskə atmamaq üçün növbəti oyunu da burada keçirməyi məqsədəuyğun bildik. Qarşıda "Kəpəz"lə səfər matçımız və ardından təxminən 20 günlük milli fasilə var. Oktyabrın 10-da "Qəbələ" ilə keçiriləcək görüşə qədər qazon tam bərkiyəcək və komandamız həmin matçdan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda oynayacaq".
Qeyd edək ki, bu gün "SOCAR Polymer Arena"da keçiriləcək "Sumqayıt" - "Şamaxı" oyunu saat 19:45-də başlayacaq.
Mənbə: İdman.biz