"Sumqayıt" klubunun ABŞ-li basketbolçusu Teyvion Kirk komandanın hədəfləri və Azərbaycana qayıtması barədə fikirlərini bölüşüb.
Sumqayit24.az xəbər verir ki, Kirk komandanın mətbuat xidmətinə açıqlamasında yenidən Azərbaycana qayıtdığı üçün şad olduğunu bildirib:
"Bəli, yenidən Azərbaycana qayıtdım. Buna görə də çox şadam. Bu yaxşı hissdir".
Kirk vaxtilə "Xırdalan"da birlikdə çalışdığı baş məşqçi Uğur Özdemirlə yenidən işləməyin yaxşı olduğunu qeyd edib:
"Burada tanış simalar var. Uğur Özdemirlə işləmək çox yaxşıdır. Məni yenidən Azərbaycana dəvət etdiyi üçün ona təşəkkür edirəm. Bizim bir yerdə görəcəyimiz hələ çox iş var".
ABŞ-li basketbolçu Azərbaycandan kənarda olduğu müddətdə ölkə çempionatını izlədiyini də deyib:
"Ölkə xaricində olsam da, ABL-i izləyirdim. Çempionat artıq daha maraqlı və gərgin mübarizə şəraitində keçir".
Kirk "Sumqayıt"ın qarşısına qoyduğu məqsədlərdən də danışıb:
"Əsas məqsədimiz bacardığımız qədər çox oyunda qalib gəlməkdir. Əvvəlcə, pley-offun dörd ən güclü komandası sırasında yer almaq, daha sonra isə çempion olmaq istəyirik!"