31 avqust tarixində keçirilən "Sumqayıt" – "Qarabağ" (0:1) qarşılaşması zamanı bəzi azarkeşlər bilet satışı ilə bağlı problem yaşayıblar.
Sumqayit24.az-a müraciət edən azarkeşlərin sözlərinə görə, biletlərdə oturacaq nömrələri göstərilməyib. Bu isə stadionda azarkeşlər arasında anlaşılmazlığa, hətta mübahisələrə səbəb olub.
Onların sözlərinə görə, bəzi hallarda eyni yerə iki bilet ayrılıb, lakin biletlərdə azarkeşlərin konkret olaraq hansı oturacaqda əyləşməli olduğu qeyd edilməyib.
Azarkeşlər bildiriblər ki, VIP biletlərin qiyməti 10 manat, adi biletlərin qiyməti isə 5 manat olub:
"Bilet satırsınızsa, xahiş edirəm, düzgün və aydın şəkildə satın. VIP bilet alan azarkeş hansı yerdə oturacağını bilməlidir. Biz stadiona problem yaratmağa yox, "Sumqayıt" FK-ya dəstək olmağa gəlirik".
Azarkeş klub rəhbərliyinin məsələyə diqqət yetirəcəyinə və problemin növbəti oyunlarda təkrarlanmayacağına ümid etdiyini bildirib.
Sumqayit24.az məsələni aydınlaşdırmaq üçün "Sumqayıt" FK-ya sorğu ünvanlayıb. Klubun mətbuat katibi Zaur Xudiyev açıqlamasında bildirib ki, sözügedən oyunda böyük ajiotaj olub və bir neçə neqatib hal yaşanıb:
"Biz də bunu gördük. Sosial şəbəkələrdən iradları oxuyuruq. Azarkeşlərdən bunu nəzərə almaqlarını xahiş edirik. "Qarabağ" kimi komandalarla oyunlarda böyük ajiotaj olur. Stadion balacadır, yerləşdirmədə bir az problem olur. Növbəti oyunlarda daha diqqətli olmağa çalışacağıq".