Sumqayıtda yeni futbol meydançası tikilir.
Meydança Şimal Regional Futbol Federasiyasının (ŞRFF) təşəbbüsü ilə 9-cu mikrorayonda, 20 saylı internat təmayülli orta məktəbin ərazisində inşa olunur.
ŞRFF-nın rəhbəri Fərhad Həsənovun sözlərinə görə, artıq bununla bağlı həm məktəblə, həm də Təhsil Nazirliyi ilə müqavilə bağlanıb. Müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" qərarının 56-cı maddəsinin 1-ci hissəsinə əsasən bağlanıb və müddəti 15 ili əhatə edir.
Hazırda ərazidə işlərin böyük hissəsi görülüb, 90+50-a ölçüsündə olacaq meydançada müasir işıqlandırma sistemi quraşdırılıb. Soyunub-geyinmə otaqları, duş kabinləri, inzibati otaqlar da fəaliyyət göstərəcək. Eyni zamanda təxminən 200-300 nəfərlik tribunanın quraşdırılması da nəzərdə tutulub. Meydançaya müasir süni örtük döşənəcək və bu örtüyün bütün xərclərini
"Sumqayıt" Futbol Klubu qarşılayacaq. Həmin örtük artıq Çindən sifariş verilib və yoldadır.
Meydançanın ətrafının abadlaşdırılmasını isə Sumqayıt Şəhər İcra Hakimiyyəti üzərinə götürüb.
Eyni zamanda layihədən AFFA da xəbərdardır və onlar da öz tərəflərindən lazım olan köməyi, dəstəyi göstərəcklərinə söz veriblər. Meydançanın bu ilin sonuna qədər hazır olacağı gözlənilir. Onu da qeyd edək ki, yeni meydança hazır olandan sonra "Sumqayıt"ın U-8-dən U-14-ə qədər bütün yaş qrupları buraya köçəcək və məşqlərini burada keçirəcəklər.
Mənbə: Rekord.аz