Bu gün Sumqayıtda yaşamış şəhidimizin doğum günüdür.
Pərvin Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Pərvin Babayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin Babayev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Pərvin Babayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.