Sumqayıtda müştəriyə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən taksi sürücüsü həbs edilib. Sumqayıt24 bu haqda 13 iyun tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Hadisə 6-cı mikrorayon ərazisində yerləşən “Liman” klinikasının qarşısında baş verib. Taksi şirkətlərinin birində çalışan şəxs sifariş əsasında “Renault” markalı avtomobili ilə əraziyə gəlib. Bir müddət sonra müştəri qadın 2 körpəsi və çantaları ilə ona yaxınlaşıb. Sürücü 16 dəqiqə gözlədiyi üçün əlavə ödəniş tələb etdikdə, müştəri bundan imtina edib. Nəticədə o, arxa oturacağa əyləşmiş qadını və körpələrini avtomobildən endirib və oradan uzaqlaşıb.
Qadının polisə müraciət etməsindən sonra 34 yaşlı sürücü Taleh Məmmədov saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Qadının məhkəmədə dediyi sözlərə görə, o, 2 uşağını özü ilə gətirdiyinə və yükü çox olduğuna görə taksiyə 2-3 dəqiqə gec yaxınlaşıb. Bu zaman sürücünün onu təhqir edərək maşından düşürdüyünü və içində 10 kiloqram ət, xalça və paltarlar olan çantasını da özü ilə apardığını bildirib.
Deyilənləri inkar edən Taleh Məmmədov bildirib: “Sərnişin proqramda müəyyən olunmuş vaxtda taksiyə yaxınlaşmadı, onu 16 dəqiqə gözləmək məcburiyyətində qaldım. Gəlib 2 uşaqla birgə əyləşdi. Ondan niyə gec gəldiyinin səbəbini soruşdum və əlavə pulun verilməli olduğunu bildirdim. Lakin o, pulu verməkdən imtina etdi və mənə qarşı nalayiq ifadələr işlətdi. Onları aparmaqdan imtina edərək avtomobilimdən düşmələrini tələb etdikdə qadın imtina edərək avtomobilin qapısını əli ilə saxladı. Sükan arxasından düşərək sərnişinin qapısını örtüb həmin yerdən uzaqlaşdım. Həmin vaxt avtomobilində heç bir əşya qalmayıb”.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Məmmədova 10 sutka həbs cəzası verilib.